Təkamül nəzəriyyəsinin keçirdiyi müddət bizə çox şeyi göstərir: təkamül alimlərin tədqiqatları nəticəsində aşkarladıqları bir həqiqət deyil. Alimlərin böyük əksəriyyəti də təkamülün varlığına əvvəl inanmış, sonra da bunu sübut etmək üçün əllərindən gələni etmişdilər. Ortaya atdıqları təkamül modelləri bir-bir əsassız çıxmış, ancaq yenə də bu nəzəriyyəni müdafiə etməkdən əl çəkməmişdilər.
Bu vəziyyətin ən maraqlı nümunələrindən birini Türkiyədəki ən məşhur təkamülçülərdən biri olan prof. dr. Əli Dəmirsoyun “Varislik və təkamül” adlı kitabında yazdığı qəribə məntiqlərdə görə bilərik. Dəmirsoy təkamülü çıxılmaz vəziyyətə qoyan üzvi təkamülün ən əhəmiyyətli mərhələsinin, yəni bir zülalın təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu etiraf edir, ancaq “fövqəltəbii qüvvələr”in (Allah’ı nəzərdə tutur) varlığını qəbul etməkdənsə, bu qeyri-mümkün məntiqi qəbul etməyin daha elmi olduğunu söyləyir:
Özündə bir sitoxrom-C-nin (canlıların meydana gəlməsi üçün əsas ferment) düzülməsini meydana gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır. Yəni canlılar aləmi əgər müəyyən bir düzülüşü tələb edirsə, bunun bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malik olması deyilə bilər. Ya da bizim təyin edə bilməyəcəyimiz fövqəltəbii qüvvələr tərəfindən meydana gətirilmişdir. Bu sonuncusunu qəbul etmək elmi məqsədə uyğun deyil. O halda, birinci fərziyyəni araşdırmaq lazımdır.1
Əli Dəmirsoyun dediyinə görə, bir elmi məqsəd vardır: bu məqsəd, nə olursa-olsun, canlıların yaradıldıqları rədd edir. Canlıların yaradıldıqlarını qəbul etməkdənsə, Dəmirsoy və başqaları sıfır ehtimal daşıyan təsadüfləri qəbul etməyi seçirlər. Dəmirsoy üstdəki sətirlərinin ardınca “elmi məqsədə daha uyğun” olduğu üçün qəbul etdiyi bu ehtimalın nə cür yalan olduğunu belə etiraf edir:
... Sitoxrom-C-nin müəyyən amin turşusu düzülüşünü təmin etmək bir meymunun makinada heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır.2
Bu sətirlərdə izah edilən məntiq bizə bunu göstərir: təkamül elmi bir məqsəd üçün müdafiə edilmir. Dəmirsoyun elmi məqsəd dediyi şey, əslində, elmi deyil. Çünki elmin ümumi təsvirinə görə, alim əvvəldən doğru olduğunu qəbul etdiyi bir şeyi sübut etmək üçün deyil, doğru olanı tapa bilmək üçün yola çıxır. Halbuki, təkamülə gəlincə bunun tam əksi olan bir vəziyyət ortaya çıxır: təkamül hər nə olursa-olsun, sübut edilməyə, doğruluğu qəbul etdirilməyə çalışılan bir inanca çevrilmişdir.
Belə olan təqdirdə isə asanlıqla bu nəticəyə gələ bilərik: təkamül elmi məqsədlər üçün deyil, siyasi məqsədlər üçün müdafiə olunur. Başqa ifadə ilə desək, təkamül bəzi qüvvələrin maraqlarına uyğun bir ideologiyadır və bu səbəbdən, nə olursa-olsun, müdafiə olunur. Təkamüldən əsla imtina etməyən və bütün karyerasını bu quru nəzəriyyəni sübut etməyə həsr edən alimlər də həmin qüvvələrin bir üzvüdürlər və ya bu qüvvələr adına çalışırlar. Təkamülə rəhbərlik edən bu alimlər onlardan və akademik dairələrə yerləşdirilmiş təkamülçü rəsmi ideologiyadan təsirlənən digər bir çox alimlər tərəfindən də izlənilir.
Bəs, görəsən, təkamül hansı siyasi məqsədlərə xidmət edir, hansı maraqları qoruyur? Hansı qüvvələr onlara təmin etdiyi bu mənfəətlər qarşılığında təkamülü davamlı olaraq ayaqda və gündəmdə tutmağa çalışırlar?