Buraya qədər bəhs etdiyimiz bütün imkansızlıq və məntiqsizlikləri bir an üçün unudaq və ibtidai dünya şərtləri kimi ola biləcək ən nəzarətsiz, ən əlverişsiz mühitdə bir zülal molekulunun meydana gəldiyini fərz edək.
Tək bir zülalın meydana gəlməsi də kifayət etməyəcək, zülalın bu nəzarətsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi eyni şərtlərdə təsadüfən meydana gələcək başqa bir molekulu da gözləməsi lazım olacaqdı.... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal həmişə təsadüfən eyni yerdə yan-yana yaranana qədər. Əvvəldən əmələ gələnlər o mühitdə ultrabənövşəyi şüaları, şiddətli mexaniki təsirlərə baxmayaraq, heç bir təhrifə məruz qalmadan, səbirlə minlərlə, milyonlarla il yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməli idilər. Sonra kifayət qədər və eyni nöqtədə əmələ gələn bu zülallar bir yerə gələrək hüceyrənin orqanoidlərini əmələ gətirməli idilər. Aralarına heç bir xarici maddə, zərərli molekul, faydasız zülal zənciri qarışmamalı idi. Sonra bu orqanoidlər son dərəcə uyğun və əlaqəli bir şəkildə, bir plan və nizam içərisində bir yerə gəlib, bütün lazımlı fermentləri də yanlarına alıb bir pərdə ilə örtülsəydilər, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi bir maye ilə dolsaydı, bütün bu qeyri-mümkündən də o yana sayılan hadisələr reallaşsaydı belə, meydana gələn molekul yığını sizcə canlana bilərdimi?
Cavab, xeyrdir. Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olması lazım olan maddələrin bir yerə gəlməsi kifayət deyil. Həyat üçün lazımlı bütün zülalları yığıb bir təcrübə balonuna qoysaq, yenə də bir canlı hüceyrə əldə etməyi bacara bilmərik.
Çünki həyat orqanizmi meydana gətirən parçaların, ya da molekulların bir yerdə olmasından daha uzaq, metafizik bir anlayışdır. Həyat Allah’ın Hayy (həyat sahibi, diri olan) sifətinin əks olunmasıdır. Ancaq Onun diləməsi ilə başlayır, davam edir və sona çatır. Hər şey kimi həyat da Allah’ın tək bir “ol” əmri ilə yaranmış və mövcuddur.
Təkamül canlılar aləminin necə başladığını açıqlaya bilmədiyi kimi, canlılar aləmi üçün lazım olan vasitələrin necə yarandığını və bir yerə gəldiyini də açıqlaya bilmir.
Biz yenə də bir an üçün bu qeyri-mümkünlükləri qəbul edək; milyonlarla il əvvəl yaşamaq üçün hər cür vasitəni əldə etmiş bir hüceyrənin meydana gəldiyini və bir şəkildə həyat sahibi olduğunu fərz edək. Ancaq təkamül burada yenə çökür: bu hüceyrə bir müddət həyatını davam etdirsə belə, sonda öləcək və öldükdən sonra ortada heç bir şey qalmayacaq, hər şey başlanğıca qayıdacaq. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra geriyə yeni bir nəsil buraxa bilməyəcək, canlılar aləmi də bunun ölümü ilə birlikdə sona çatacaq.
Genetik sistem isə yalnız DNT-dən ibarət deyil. DNT-dən bu şifri oxuyacaq fermentlər, bu şifrlərin oxunması ilə çıxarılacaq mRNT, mRNT-nin bu şifr ilə gedib istehsal üçün üzərinə bağlanacağı ribosom, ribosoma istehsalda istifadə ediləcək amin turşularını daşıyacaq bir daşıyıcı RNT və bunlar kimi saysız-hesabsız ara əməliyyatları təmin edən son dərəcə kompleks fermentlərin də eyni mühitdə olması gərəkir. Həmçinin belə bir mühitdə tələb olunan bütün xammal və enerji imkanları mövcud olmalı, hər istiqamətdən təcrid olunmalı və tamamilə nəzarətli olmalıdır.
Nəticədə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə tam formalaşmış bir hüceyrə olaraq mövcud olarsa, həm yaşaya biləcəyi, həm də maddə və enerji mübadiləsinə girə biləcəyi uyğun bir mühitdə olduğu təqdirdə çoxala bilər. Bu da dünyadakı ilk hüceyrənin inanılmaz dərəcədəki kompleks quruluşu ilə bir anda, durduğu yerdə meydana gəldiyi deməkdir.
Bəs kompleks bir quruluş bir anda meydana gəlmişdirsə, bunun mənası nədir?
Bu sualı bir də belə nümunə ilə izah edək. Hüceyrəni mürəkkəbliyinə görə qabaqcıl texnologiyaya sahib bir avtomobilə bənzədək. (Əslində, hüceyrə, mühərriki və bütün texniki təchizatına baxmayaraq, avtomobildən daha mürəkkəb və inkişaf etmiş bir sistemə malikdir). İndi belə sual verək: bir gün balta girməmiş bir meşənin dərinliklərində gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil tapsanız, nə düşünərsiniz? Görəsən, meşədəki müxtəlif elementlərin milyonlarla il ərzində təsadüfən bir araya gələrək belə məhsul ortaya çıxardığınımı düşünərsiniz? Avtomobili təşkil edən bütün xammal- dəmir, plastik, kauçuk və s. torpaqdan, ya da onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizi bu materialların təsadüfən sintez edilib, sonra da bir araya gələrək ortaya belə bir avtomobil çıxardıqlarını inandıra bilərmi?
Əlbəttə ki, ağıl və şüur sahibi olan hər normal insan avtomobilin şüurlu bir dizaynın, yəni bir fabrikin məhsulu olduğunu düşünər və bunun niyə meşədə olduğuna təəccüb edər.
Təkrar hüceyrəyə qayıtsaq, bunu söyləyə bilərik: kompleks bir quruluşun mövcud olduğu yerdə, bir anda bir bütün olaraq ortaya çıxması onun şüurlu bir varlıq tərəfindən yaradıldığını göstərir. Hələ hüceyrə qədər mürəkkəb bir quruluşda bu vəziyyət açıq-aşkar göz qabağındadır. Yararlı, mənalı bir zülalın təsadüfən əmələgəlmə ehtimalı sıfır ikən, bu xəyali zülallardan milyonlarının bir yerə gəlib hüceyrəni meydana gətirməsinin nə dərəcədə qeyri-mümkün olduğu açıqdır.
Qeyri-mümkünlüklər zənciri davam edir. İnsan bədəni üçün lazım olan milyonlarla zülalın təsadüfən meydana gəldiyini və təsadüfən eyni nöqtədə bir yerə yığıldığını fərz edək, bunun bir göydələnin daşının, sementinin, tikinti vəsaitlərinin bir yerə öz-özündən yığılması kimi qeyri-real iddiadan heç bir fərqi yoxdur. Bütün bu materialların olduqca kompleks bir plan və layihə çərçivəsində, son dərəcə ölçülü, hesablı, nizamlı, ağıllı və nəzarətli bir şəkildə və bir əmr-komanda zənciri ilə bir yerə gətirilməsi nəticəsində bir göydələn inşa edilə bilər.
Amma bəzi insanlar vardır ki, göydələnləri görəndə “kim tərəfindən inşa edilmişdir” sualını verirlər, canlılara gələndə isə “hansı təsadüf nəticəsində meydana gəlmişdir” deyə araşdırırlar. Bu, həqiqətən də başa düşülməsi çətin vəziyyətdir. Bunu anlamaq ancaq Quranın verdiyi məlumatla mümkündür. Quranda bəzi insanlar haqqında belə buyurulur:
Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi / 179)