Əvvəlki bölmədə araşdırdığımız və “insanın təkamülü” nağılını kökdən sarsıdan dəlillərlə yanaşı, təkamülçülərin gözlərdən uzaq tutmağa çalışdığı minlərlə mövzu vardır. Bunlardan biri də üzvi təkamüldür.
Təkamülçülər nəsli tükənmiş meymun növlərinə aid olan bir neçə kəlləni ard-arda düzərək xəyali nəzəriyyələrini sübut edilmiş bir həqiqət imiş kimi təqdim edirlər. Halbuki, insanın təkamülünə gələnə qədər açıqlanması mümkün olmayan milyonlarla mərhələ vardır. Çünki təkamül yalnız insanın meymundan təkamül keçirməsini deyil, bütün canlı həyatın təkamül müddəti içində meydana gəldiyini irəli sürür. Bu fərziyyəyə görə, ilk canlı həyat amin turşularının təsadüfən meydana gəlməsi ilə başlamış, bunu zülallar izləmiş, ardınca tək hüceyrəli canlılar və suda həyat meydana gəlmiş, sudan quruya, qurudan havaya keçid baş vermiş və bu şəkildə, bütün canlılar bir-birlərindən törəmişlər.
Halbuki, üstdəki cümlədə çox qısa şəkildə araşdırdığımız bu müddətin meydana gəlməsi ehtimaldan kənar olan milyonlarla təsadüfə əsaslanır.
Ehtimallardan bəhs etməzdən əvvəl “təbiət canlıların ən kiçik quruluş əsası olaraq qəbul edilən amin turşularını meydana gətirə bilərmi?” sualını cavablandıraq.
Bu sualın cavablandırılması təkamülçülər üçün olduqca əhəmiyyətlidir. Çünki əgər təbiət tək bir amin turşusu belə əmələ gətirə bilmirsə, ona “bütün canlıların yaradıcısı” ünvanını yaraşdırmaq heç inandırıcı deyil.
“Canlıların ilk olaraq necə ortaya çıxdığı” sualı təkamül nəzəriyyəsi üçün o qədər böyük bir çətinlikdir ki, təkamülçülər bu mövzuya əllərindən gəldiyi qədər toxunmamağa çalışırlar. Mövzunu “ilk canlı aləm bəzi təsadüfi amillərin təsiri ilə suda meydana gəldi” kimi sözlərlə yola verməyə çalışırlar. Çünki bu mövzuda qarşılaşdıqları çətinlik heç bir şəkildə həll ola bilmir. Paleontologiya təkamül mövzularının əksinə, bu mövzuda təhriflər və qərəzli izahlarla nəzəriyyələrinə qata biləcəkləri fosillər də yoxdur. Bu səbəbdən, təkamül nəzəriyyəsi hələ başlanğıc nöqtəsində çox açıq bir şəkildə sarsılır.
Bir məsələyə də diqqət etmək lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun ortaya çıxması nəzəriyyənin tamamilə yanlış olduğunu və əsassızlığını sübut etmək üçün kifayətdir. Məsələn, yalnız zülalların təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da alt-üst edir. Bundan sonra insan və meymun kəllələrinin üzərilərində fərziyyə qurmağın da heç bir mənası yoxdur.
Canlıların cansız maddələrdən yarana bildiyi uzun müddət təkamülçülərin o qədər də yanaşmaq istəmədiyi problem idi. Ancaq davamlı olaraq görməzlikdən gəldikləri bu problem getdikcə qaça bilmədikləri bir problemə çevrildi və 20-ci əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla açıqlanmağa çalışıldı.
İlk cavablandırılması lazım olan sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə ortaya çıxa bilərdi? Daha doğrusu, təkamülçülər bu sual qarşısında necə açıqlama verməli idilər?
Sualların cavabı təcrübələrlə tapılmağa çalışıldı. Təkamülçü alimlər və tədqiqatçılar bu sualları cavablandırmaq cəhdi ilə yenə çox maraq oyandırmayan bəzi laboratoriya təcrübələri apardılar. Həyatın mənşəyi mövzusunda təkamülçülərin ən çox etibar etdiyi araşdırma isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən aparılan və “Miller təcrübəsi” və ya “Urey-Miller” təcrübəsi adlandırılan təcrübə oldu.
Təkamül prosesinin ilk mərhələsi deyə təqdim edilən molekulyar təkamül fərziyyəsini sübut etmək üçün istifadə edilən yeganə “dəlil” məhz bu təcrübədir. Aradan onlarla il keçməsinə, böyük texnoloji irəliləyişlər qeyd edilməsinə baxmayaraq, bu mövzuda heç bir yeni təşəbbüs göstərilməmişdir. Bu cür səylərin onları dəstəkləmədiyini, əksinə, hər dəfə iddialarını alt-üst etdiyini başa düşən təkamülçülər başqa təcrübələrə girişməkdən qaçırlar.
Nəticədə, təkamül nəzəriyyəsi nəinki növlərin meydana gəlməsinə, heç canlıların elementi olan hüceyrələri meydana gətirən tək bir zülal molekulunun belə, təsadüfən necə meydana gəldiyinə bir açıqlama verə bilmirlər. Yəni təkamül zülal mərhələsində dayanır. Buna baxmayaraq, bu təcrübə bu gün belə, dərs kitablarında canlıların ilk dəfə meydana gəlməsinin təkamül izahı olaraq tədris olunur.
Miller İkinci Dünya Müharibəsindən dərhal sonra Çikaqo Universitetindəki müəllimi Harold Urey ilə birlikdə bəzi mikrobioloji araşdırmalara girişdi. Hədəfi milyardlarla il əvvəlki cansız dünyada canlılar aləminin özbaşına və təsadüfən meydana gələ biləcəyini göstərmək idi. Canlıların ən kiçik elementləri olan amin turşularının təsadüfən meydana gələ biləcəklərini sübut edən bir təcrübə aparmağa qərar verdi.
Miller bu məqsədlə ibtidai dünyanın meydana gəlməsində mövcud olduğunu zənn etdiyi, ancaq daha sonralar həqiqi olmadığı aydın olan bir atmosfer mühitini laboratoriyasında qurdu və fəaliyyətlərinə başladı. Təcrübəsində ibtidai atmosfer olaraq istifadə etdiyi qarışıq ammonyak, metan, hidrogen və su buxarından ibarət idi.
Miller metan, ammonyak, su buxarı və hidrogenin təbii şərtlərdə bir-biri ilə reaksiyaya girə bilməyəcəyini bilirdi. Bunların bir-biri ilə reaksiyaya girməsini təmin etmək üçün kənardan enerji əlavə etmək lazım olduğunu da başa düşürdü. Bu səbəbdən, bu enerjinin ibtidai atmosfer mühitində ildırımlardan qaynaqlana biləcəyini qarşıya qoydu. Bu fərziyyəyə əsaslanaraq apardığı təcrübələrində süni elektrik boşaltma mənbəyindən istifadə etdi.
Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, digər tərəfdən də bu isti mühitə elektrik cərəyanı verdi. Həftənin sonunda Miller qabın dibində olan qarışıqdakı kimyəvi maddələri ölçdü və zülalların əsasını təşkil edən 20 növ amin turşusundan üçünün sintez etdiyini müşahidə etdi.
Təcrübə təkamülçülər arasında böyük sevinc yaratdı və çox böyük nailiyyət imiş kimi təqdim edildi. Hətta müxtəlif nəşrlər hadisənin təsiri ilə “Miller həyatı yaratdı” şəklində başlıqlar atacaq qədər irəli getdilər. Halbuki, Millerin sintez etdiyi molekullar cansız idi.
Bu təcrübənin öz nəzəriyyələrini təsdiq etdiyinə inanan təkamülçülər bundan aldıqları cəsarətlə dərhal ssenari yaratmaq işinə girişdilər. Miller guya amin turşularının öz-özünə əmələ gələ biləcəyini sübut etmişdi. Buna əsaslanaraq sonrakı mərhələlər də dərhal təşkil edildi. Çəkilən ssenariyə görə, ibtidai atmosferdə meydana gələn amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun düzülüşlə birləşmiş və zülalları meydana gətirmişdilər. Təsadüf əsəri meydana gələn bu zülalların bəziləri də özlərini hər hansı bir şəkildə meydana gəlmiş hüceyrə pərdəsinə bənzər quruluşların içinə yerləşdirərək ibtidai hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zamanla yan-yana gəlib birləşərək canlı orqanizmləri meydana gətirmişdilər. Ssenarinin ən böyük dayağı isə Millerin təcrübəsi idi.
Halbuki, Miller təcrübəsi əsassız olduğu dəfələrlə sübut edilmiş saxtakarlıqdan başqa bir şey deyildi.
Demək olar ki, əlli yaşında olan bu təcrübə dəfələrlə əsassızlığı sübut edildiyi halda, bu gün hələ canlılar aləminin özbaşına meydana gəlməsi haqqındakı ən böyük dəlil olaraq təkamülçü ədəbiyyatdakı yerini qoruyur. Halbuki, Miller təcrübəsi qərəzli və birtərəfli təkamülçü məntiqi ilə deyil, açıq şüurla qiymətləndiriləndə vəziyyətin təkamülçülər üçün o qədər ümid verici olmadığı görünür. Çünki hədəfini ibtidai dünya şərtlərində amin turşularının öz-özlərinə əmələ gələ biləcəyini sübut etmək olaraq göstərən təcrübə bir çox cəhətdən bu hədəflə uyğunsuzluq göstərir. Bunları belə sıralaya bilərik:
1 – Miller təcrübəsində soyuq tələ (cold trap) adlı bir mexanizmdən istifadə edərək amin turşularını meydana gəldikləri anda mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə, amin turşularını təşkil edən mühitin şərtləri bu molekulları əmələ gəlmələrindən dərhal sonra məhv edərdi.
Halbuki, ultrabənövşəyi şüalar, ildırımlar, müxtəlif kimyəvi maddələr, yüksək oksigen miqdarı və s. kimi ünsürləri ehtiva edən ibtidai dünya şərtlərində bu cür şüurlu qurğuların mövcud olduğunu düşünmək belə mənasızdır. Bu mexanizm olmadan hər hansı bir növ amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqlar. Kimyaçı R.Blis (Richard Bliss) bu ziddiyyəti belə izah edir:
Millerin alətləri içərisində ən vacib vasitələrdən biri olan soyuq tələ kimyəvi reaksiyalardan əmələ gəlmiş məhsulları toplamaq vəzifəsini yerinə yetirirdi. Həqiqətən, bu soyuq tələ olmadan kimyəvi məhsullar elektrik qaynağı tərəfindən korlanmış olacaqdı.32
Miller eyni vəsaitlərdən istifadə etdiyi halda, soyuq tələ yerləşdirmədən etdiyi daha əvvəlki təcrübələrdə tək bir amin turşusu belə əldə edə bilməmişdi.
2 - Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. Bu həqiqəti 1980-ci illərin ortalarına doğru mövzu ilə maraqlanan bəzi geoloqlar ortaya çıxardılar. Buna görə, Miller süni mühitdə lazım olan azot və karbondioksidi görməzlikdən gəlir, bunların yerinə metan və ammonyakdan istifadə etməyə üstünlük verirdi.
Bəs təkamülçülər nə üçün ibtidai atmosferdə metan (CH4), ammonyak (NH3) və su buxarının (H2O) olduğu mövzusunda təkid etmişdilər? Cavab sadədir: ammonyak olmadan bir amin turşusunun sintez edilməsi qeyri-mümkün idi. K.M.Kin (Kevin Mc Kean) “Discover” jurnalında nəşr etdiyi məqalədə bu vəziyyəti belə izah edir:
Miller və Urey dünyanın qədim atmosferini metan və ammonyak qarışdıraraq süni yolla meydana gətirdilər. Onlara görə, dünya metal, qaya və buzun homogen bir qarışığı idi. Halbuki, son çalışmalarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi aydın olmuşdur. Belə ki, o dövrdəki kimyəvi atmosfer daha çox azot (N2), karbondioksid (CO2) və su buxarından (H2O) meydana gəlməli idi. Halbuki, bunlar üzvi molekulların meydana gəlməsi üçün ammonyak və metan qədər uyğun deyildirlər.33
Nəticə olaraq, ibtidai dünya atmosferinin Millerin zənn etdiyindən daha fərqli qazlardan meydana gəldiyi ortaya çıxmışdı.
Bəs bu qazların istifadə edilməsi ilə təcrübələrdə amin turşusu əldə edə bilmək mümkün idimi? Amerikalı alimlər J.P.Ferris və C.T.Çenin araşdırmaları bu suala lazım olan cavabı verdi. Ferris və Çen karbondioksid, hidrogen, azot və su buxarından ibarət olan bir atmosfer mühitində Millerin təcrübəsini təkrarladılar və bu qaz qarışığı ilə bir tək molekul amin turşusu belə əldə edə bilmədilər.34
Uzun müddət səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.35
3 - Millerin təcrübəsini əsassız edən başqa əhəmiyyətli məsələ amin turşularının meydana gəldiyi iddia edilən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen tapılması idi. Aparılan geoloji araşdırmalarda tapılan, yaşları 3.5 milyard il olaraq hesablanan daşların dünyanın ən qədim daşlarından olduqları aydın oldu. Daşlarda oksidləşmiş dəmir və uran qalıqları vardı.
Oksigen miqdarının bu dövrdə təkamülçülərin iddia etdiyindən daha çox olduğunu göstərən başqa tapıntılar da vardır. Aparılan tədqiqatlar günəşin o dövrdə təkamülçülərin təxminlərindən 10 min dəfə çox ultrabənövşəyi şüa yaydığını göstərmişdir.
Bu vəziyyət oksigen nəzərə alınmadan aparılmış Miller təcrübəsini tamamilə əsassız edir. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi.
Digər tərəfdən, oksigenin tapılmadığı bir mühitdə -hələ ozon təbəqəsi mövcud olmadığına görə- çox sıx miqdardakı ultrabənövşəyi şüaların təsirinə məruz qalan dünyada hər hansı bir üzvi molekulun yaşaya bilməyəcəyi aydındır. Nəticədə, ibtidai dünyada oksigenin mövcud olub-olmaması da amin turşuları üçün yox edici bir mühit olması demək idi.
4 - Miller təcrübəsinin nəticəsində sadəcə canlılar aləmi üçün lazım olan amin turşuları əldə edilməmiş, bunlardan daha çox miqdarda canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərdəki üzvi turşular da meydana gəlmişdi. Amin turşularının təcrid edilməyərək bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqları təqdirdə isə bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli birləşmələrə çevrilmələri labüd idi.
Həmçinin təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli amin turşusu çıxmışdı. Bu amin turşularının varlığı təkamülü öz məntiqi içində belə çürüdürdü. Çünki sağ əlli amin turşuları canlı quruluşunda istifadə edilə bilməyən amin turşularıdır. Amerikalı bioloqlar Blis və Parker (Gray E. Parker) bu məsələni belə açıqlayırlar:
Miller, təcrübəsində sadəcə həyat üçün lazım olan molekulları (sol əlli amin turşuları) əldə etməklə kifayətlənməmiş, eyni zamanda, təkamülə müdaxilə edən sağ əlli amin turşularından meydana gəlmiş uzun bir zəncir də əldə etmişdi.36
Nəticə olaraq, Millerin təcrübəsindəki amin turşularının meydana gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, ortaya çıxacaq işə yararlı molekulları parçalayıcı, yandırıcı bir turşu qarışığı xüsusiyyətində idi.
Bütün bunların göstərdiyi tək bir konkret həqiqət vardır: Miller təcrübəsinin canlılar aləminin ibtidai dünya şərtlərində təsadüfən meydana gələ biləcəyini sübut etmək kimi bir iddiası qəbul edilmir. Hadisə amin turşusu sintez etməyə yönəlmiş şüurlu və idarəli bir laboratoriya təcrübəsindən başqa bir şey deyil. İstifadə edilən qazların növləri və qarışıq nisbətləri amin turşularının meydana gələ bilməsi üçün ən ideal ölçülərdə təyin olunmuşdur. Mühitə verilən enerji miqdarı nə az, nə çox, tamamilə istənilən reaksiyaların reallaşmasını təmin edəcək şəkildə, dəqiqliklə nizamlanmışdır. Təcrübə cihazı ibtidai dünya şərtlərində mövcud ola biləcək heç bir zərərli, məhv edici, ya da amin turşusunun meydana gəlməsinə mane olan ünsürü saxlamayacaq və içəri sızmasını önləyəcək şəkildə istehsal edilmişdir. Amin turşularının quruluşunda olan üç-beş elementdən başqa ibtidai dünyada mövcud olan və reaksiyaların gedişini dəyişdirəcək heç bir element, mineral və ya birləşmə təcrübə balonuna qoyulmamışdır. Oksidləşmə səbəbindən amin turşularının varlığına imkan verməyəcək oksigen bunlardan yalnız biridir. Qaldı ki, hazırlanan ideal laboratoriya şərtlərində belə, yaranan amin turşularının eyni mühitdə parçalanmadan varlıqlarını davam etdirə bilmələri mümkün deyil. Ancaq bu problem də meydana gəldikləri anda amin turşularını mühitdən ayıracaq başqa bir süni qurğu ilə (cold trap) həll edilmişdir.
Əslində, bu təcrübə ilə təkamülçülər nəzəriyyələrini öz əlləri ilə alt-üst etmişlər. Çünki təcrübə amin turşularının təsadüfən deyil, ancaq bütün şərtləri xüsusi olaraq nizamlanmış nəzarətli bir laboratoriya mühitində, şüurlu müdaxilələr nəticəsində əldə edilə biləcəyini sübut etmişdir.
Yəni canlılar aləmini ortaya çıxaran güc şüursuz təsadüflər deyil, ancaq yaradılış ola bilər. Bu səbəbdən, canlılar aləminin hər mərhələsi bizlərə Allah’ın varlığını və gücünü sübut edən dəlil xüsusiyyətindədir.
32. Richard B. Bliss & Gray E. Parker, Origin of Life, California 1979, səh. 14.
33. Kevin Mc Kean, Elm və texnika, say 189, səh. 7.
34. J. P. Ferris & C. T. Chen, “Photochemistry of Methane, Nitrogen and Water Mixture as a Model for the Atmosphere of the Primitive Earth”, Journal of American Chemical Society, cild 97, say 11, 1975, səh. 2964.
35. Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7.
36. Richard B. Bliss & Gray E. Parker, Origin of Life, California 1979, səh. 14.